Bakı Dövlət Universitetinin 14.03.2013-cü il tarixli əmri ilə Bakı Dövlət Universitetində gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, aktual elmi problemlərin işlənilməsi və prioritet elmi məsələlərin həlli üçün səylərinin birləşdirilməsi, gənc alimlərin innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının tam reallaşdırılmasına kömək edilməsi üçün universitetin Gənc Alimlər Şurası yaradılıb və BDU Elmi Şurasının qərarı ilə Şuranın Əsasnaməsi qəbul edilib.
Şura öz məqsədinə nail olmaq üçün gənc alim və tədqiqatçıların elmi tədqiqat işlərinin təşkili sahəsində BDU-nun ayrı-ayrı fakültə və elmi qurumlarının fəaliyyətini koordinasiya edir, gənc alim və tədqiqatçıların iştirakına imkan verən elmi konfranslar, seminarlar, forumlar, sərgilər və digər tədbirlər təşkil edir, onları resbublika və beynəlxalq səviyyəli elmi konfrans, seminar, qurultay, forum, sərgi və digər tədbirlərdə iştiraka cəlb edir, AMEA-nın ayrı-ayrı İnstitutları, respublikanın digər ali təhsil müəssisələri və elmi təşkilatlarında fəaliyyət göstərən gənc alimlər şuraları ilə əlaqə yaradır, birgə tədbirlər təşkil edir və həyata keçirir, BDU-da, respublikanın və xarici ölkələrin elm və tədris müəssisələrində elmi tədqiqat və innovasiya fəaliyyəti üzrə müsbət təcrübəni öyrənir, təhlil edir, ümumiləşdirərək yayılmasını və tətbiq edilməsini təşkil edir, BDU-da çalışan gənc alim və tədqiqatçıların BDU, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsini təmin edir, onları respublika və beynəlxalq səviyyəli mədəni tədbirlərdə iştiraka cəlb etməklə onların mədəni səviyyələrinin inkişaf etdirilməsini və s. təmin edir.
19 nəfərdən ibarət Gənc Alimlər Şurasının sədri fizika fakültəsinin, Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyevadır.
BDU-da 35 yaşınadək alimlik dərəcəsi almış 62 gənc alim çalışır, 400-dən çox gənc doktorant və 1500 magistrant elmi tədqiqat işi aparır.